HARVARD UNİVERSİTETİNDƏ AZƏRBAYCAN DAVASI APARAN TƏLƏBƏ ÇOX DİPLOMATIN BACARMADIĞINI BACARDI

Elxan 
HƏSƏNLİ 
İsveçrə, Sürix elxan-hesenli@mail.ru

Ermənilər dayanmır. Bu dəfə Qarabağı unutdurmaq ücün Naxçıvana iddia edirlər. Noyabrın 1-dən Harvard Universitetində keçirilən tədbirlər buna misal ola bilər. «Naxçıvan bölgəsindəki erməni abidələri» mövzusunda sərgi keçirən erməni lobbisinin Naxçıvanı erməni torpağı kimi qələmə vermək istəyi uğursuzluqa düçar olub. Universitetin Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyev tədbir keçirən iştirakçılara ermənilərin əsl simasını anlatmağa çalışıb və buna müəyyən dərəcədə nail olub.
Noyabrın 1-də Harvard Universitetinin Devis Mərkəzi ilə birlikdə Naxçıvandakı erməni abidələri və Naxçıvanın Ermənistana aid olması haqda forum təşkil edən ermənilər azərbaycanlıların son vaxtlar fəallaşmasından pəjmürdə olublar. Ermənilərə bu üzüntünü yaşadanlar kimlərdir? Həqiqətənmi bütün azərbaycanlılar, hökumətimiz fəallaşıb?

Eşitdiyimizə görə, yalnız tələbə Azərbaycanın milli maraqlarını uğurla qoruya bilib. Bəxtiyar Hacıyev kimdir? Onun Azərbaycan hakimiyyətinə hər hansı bağlılığı varmı? Bu suallara cavab tapmaq ücün araşdırma apardıq və məlum oldu ki, Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyev hakimiyyətin qara siyahısına düşmüş azərbaycanlılardan biridir. İlin əvvəlində qiymət artımına etiraz əlaməti olaraq Azərbaycan prezidentinə müraciət hazırlamış Bəxtiyar Hacıyev Bakıda 12 sutka həbs cəzasına da məhkum olunmuşdu.

Bu, onun hakimiyyətdən aldığı son zərbə deyil. O, Azərbaycan hökumətinin maliyyəsi ilə oxuyur və hadisədən dərhal sonra təhsil naziri Misir Mərdanovun əmriylə Bəxtiyar Hacıyevin təhsil haqqının ödənilməsindən imtina olunub. Bütün bu çətinliklərə baxmayaraq Hacıyev Azərbaycanın maraqlarına sadiq qalıb, neçə diplomatın illər boyu görə bilmədiyi işi bir toplantıda görüb.

Təəssüf ki, Azərbaycan diplomatları xaricdə daha çox dar maraqları qoruyurlar, ölkəmizin maraqları onlar ücün ikinci dərəcəlidir. Azərbaycan diasporunu yönəltməli olan dövlət komitəsi ermənilərlə mübarizəni hələ fəaliyyət metodu kimi qəbul etmir. Avropada formallaşan birliklərin fəaliyyətini nəzarətə qötürməyə calışan komitənin Avropada irəli cəkdiyi adamların böyük əksəriyyəti Azərbaycan tarixindən, mədəniyyətindən xəbərsizdir.

Bu yaxınlarda Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin diplomat qıtlığıyla baqlı fikirləri bir daha sübut edir ki, Azərbaycan dövlətinin səriştəli, bacarıqlı diplomatlara böyük ehtiyacı var. Apardığımız araşdırmaların, xaricdə yaşayan azərbaycanlılarla apardığımız sorğuların nəticəsində öyrəndik ki, xaricdəki nümayəndəliklərimizdə ölkənin adına ləkə gətirən əməllərlə məşğul olan, özünü idarə etməyi bacarmayan adamlar var. Belələri düşmənləri güclü olan ölkənin maraqlarını necə qoruya bilər axı! Bu istiqamətdə Azərbaycan hökumətinin, şəxsən Azərbaycan prezidentinin qətiyyətli addımlar atmasına ehtiyac duyulur.

Mənbə: http://www.mediaforum.az/articles.php?article_id=20071105010814465&page=02&lang=az

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?