HARVARD UNİVERSİTETİNDƏ NAXÇIVANIN ERMƏNİSTANA MƏXSUS OLMASIYLA BAĞLI FORUM KEÇİRİLDİ. BU GÜN SƏRGİ DƏ AÇACAQLAR
2007-11-02 - 12:12:00

«Media forum» saytının xəbər verdiyi kimi, noyabrın 2-dən başlayaraq Harvard Universitetinin professorları «Naxçıvan bölgəsindəki erməni abidələri» mövzusunda sərgi keçirməyi planlaşdırır. Universitetin Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyev bu gün «Media forum»a bildirib ki, noyabrın 1-də erməni əsilli professorlar Harvard Universitetinin Devis Mərkəzi ilə birlikdə Naxçıvandakı erməni abidələri və Naxçıvanın Ermənistana aid olmasi haqda forum da təşkil ediblər.

B.Hacıyev forumla bağlı Azərbaycanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxladığını, səfir Yaşar Əliyevin göstərişi ilə Naxçıvanan tarixi ilə bağlı erməni iddialarına cavab hazırlandığını deyir: «Mən bu sənədləri çap edib həmin forumda iştirak və çıxış etdim».

Forumu Naxçıvana qarşı ərazi iddialari siyasətində ilk addım sayan B.Hacıyev öz qeydlərini də «Media forum»a göndərib. B.Hacıyevin forumdan qeydlərini diqqətinizə çatdırırıq:

«Tədbiri Amerikada fəaliyyət göstərən Erməni Araşdırmaları Mərkəzi və Kanadada fəaliyyət göstərən erməni şirkəti maliyyələşdirmişdi. Giriş nitqi ilə çıxış edən Harvard Universitetinin erməni araşdırmaları üzrə professoru, erməni əsilli Ceyms Rassel Naxçıvan sözünün etimologiyasından danışdı və eramızdan əvvəlki dövrlərdən 20-ci əsrə qədər bu ərazinin ermənilərə məxsus olduğunu dedi.

Daha sonra Rassel Naxçıvan ərazisində 30 mindən çox erməni abidəsinin məhv edildiyini, bu addımın Azərbaycan dövlətinin rəsmən dəstəklədiyi vandalizm olduğunu, bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini və hələ də dünya ictimaiyyətinin, akademik mərkəzlərin, tarixçilərin və arxeoloqların buna münasibət bildirmədiyini qeyd etdi.

Memarlıq tarixi üzrə mütəxəssis doktor Anahit Stepanyan çıxış edərək Ermənistandan və Şotlandiyadan gələn forum iştirakçıları Ağram Ayvazyanla Stiven Simi təqdim etdi. O, Stiven Simi erməni abidələrini son dəfə gözü ilə görən insan adlandırdı. Stiven Sim «Ermənistanın digər bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də mədəni abidələr çoxdur» deyərək Naxçıvanın da Ermənistanın bir bölgəsi olduğunu bildirdi.

Ermənistan Tarixi və Mədəni Mühitin qorunması üzrə agentliyinin direktor müavini Ağram Ayvazyan çıxışında Naxçıvanın tarixi ilə bağlı 6-7 cildlik bir kitab hazırladıqlarını, yaxın zamanlarda bu kitabın nəşr olunacağını dedi. Bundan başqa şəxsən özünün Naxçıvanın tarixi və Naxçıvandakı erməni abidələri ilə bağlı sənədli film çəkilişinə rəhbərlik etdiyini, filmin birinci hissəsinin hazır olduğunu və yaxın günlərdə nümayiş etdiriləcəyini vurğuladı.

Ayvazyan çıxışı zamanı sadəcə tarixi faktlara istinad edəcəyini söylədi. Lakin onun istifadə etdiyi və ekranda göstərilən xəritədə Dağlıq Qarabağ ərazisi «Dağlıq Qarabağ Respublikası» kimi qeyd olunmuşdu və xüsusi rəngdə işarələnmişdi. Bundan başqa Naxçıvan ərazisi də fərqləndirilmiş, qırmızı rənglə işarələnmişdi. Ayvazyan çıxışı zamanı bir neçə dəfə «Ermənistanın ürəyində olan bu bölgə», «Ermənistanın ürəyində yerləşən Naxçıvan» (onun erməni dilində çıxışını Anahit Stepanyan tərcümə edirdi və bu ifadələri belə tərcümə etdi – Nakhchivan as a region in the heart of Armenia) ifadələrindən istifadə edərək Naxçıvanın erməni torpaqları olduğunu dedi. Daha sonra o, Azərbaycan hökümətinin ünvanına ittihamlar səsləndirdi. Bildirdi ki, dünyada Azərbaycan höküməti nadir hökümətlərdəndir ki, dövlət səviyyəsində tarixi abidələrin məhvi ilə məşğul olur. Ayvazyan 1995-ci ildən Culfa ərazisində erməni qəbir daşlarının sökülməyə başladığını, bu vaxta qədər 27 min abidənin və qəbir daşlarının, qədim xristian kilisələrinin məhv edildiyini iddia etdi.

Ayvazyan auiditoriyaya göstərdiyi fotolarda Alban kilisələrini, hətta Möminə Xatun türbəsini ermənilərə məxsus abidələr kimi təqdim edirdi. O, Xudafərin körpüsü də daxil olmaqla daha bir neçə Azərbaycan abidəsini erməni abidəsi kimi təqdim etdi və hazırda Azərbaycan tərəfinin bu abidələri mənimsəməyə və YUNESKO mədəni irsi siyahısına salmağa çalışdığını bildirdi.

Şotlandiyadan gəlmiş Stiven Sim çıxışında erməni abidələrinin dağıdıldığını, Naxçıvanda heç bir erməni abidəsinin qalmadığını dedi və YUNESKO-nun baş katibi Koiçiro Matsuura ilə Fransadakı görüşləri haqda danışdı. Bildirdi ki, baş katibə bu barədə məlumat çatdırılıb, ancaq hələ YUNESKO bu hadisələrə reaksiya verməyib. O bunu Azərbaycanın birinci xanımının YUNESKO-nun baş katibi ilə səmimi əlaqələri, xanım Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfir statusuna malik olması və bu qurumun işinə təsir göstərməsi ilə əlaqələndirdi.

Şotland alim qoç fiqurundan ibarət abidələri erməni abidələri kimi təqdim etməyə başladı. Qoçlardan birinin üzərində ərəb əlifbası ilə yazılar yazılmışdı. Mən əl qaldırıb ermənilərin hansı əsrlərdə ərəb əlifbasından istifadə etdiklərini soruşdum. Qısa pauzadan sonra Sim Naxçıvanda olduğu müddətdə həm də Azərbaycan, Səlcuq abidələrinin fotolarını çəkdiyini və bu fotonun səhvən diskə yazıldığını dedi. Daha sonra Stiven Sim Naxçıvanda təhlükəsizlik orqanları tərəfindən müşaiyət olunduğunu və onların ermənilərlə bağlı dediklərini (burada erməni abidələri yoxdur və s.) istehza ilə auditoriyaya çatdırdı. Yekun olaraq Sim dedi ki, onlar YUNESKO baş katibinin istefasına nail olmalıdırlar. O, əks halda dünya ictimaiyyətinin Naxçıvandakı erməni abidələri probleminə reaksiya verməyəcəyini bildirdi.

Daha sonra sual-cavab hissəsi başladı. İlk olaraq ön tərəfdən mən əlimi qaldırdım və mənə söz verildi. Kürsüyə yaxınlaşdım, bildirdim ki, bu gün burada səslənən fikirlərə cavab verməyi özümə mənəvi borc sayıram. Çünki salonda ittiham etdiyiniz ölkənin – Azərbaycanın yeganə təmsilçisi mənəm və azərbaycanlı olaraq öz mövqeyimizi çatdırmaq istəyirəm. Bunu dediyim anda həm tədbirin aparıcıları (Ayvazyan, Rassel, Stepanyan və Sim), həm də salonun müxtəlif tərəflərindən etirazlar gəldi. Salondan «olmaz, otursun yerinə, bizim abidələri dağıdıblar, hələ gəlib burada söz demək istəyir» kimi etirazlar eşidildi. Tədbirin təşkilatçısı Rassel mənə yaxınlaşaraq kürsüdən uzaqlaşmağı xahiş etdi. O mənə dedi ki, tədbirdən sonra bütün suallarımı cavablandıra bilər. Mən isə bildirdim: «İki saat yarımdan artıqdır ki, sizin ittihamlarınızı səbrlə dinləyib dözümlülük göstərirəm, iki dəqiqə mənim də fikirlərimi eşitməyə dözümlülük göstərə bilmirsinizsə, hansı mədəniyyətdən danışırsınız? Bu tədbirin təşkilatçıları arasında Harvard Unversitetinin Devis Mərkəzi də var və mənim ən azından Harvard Universitetinin bir tələbəsi kimi burada öz fikirlərimi səsləndirməyə və sual verməyə hüququm var».

Salondan bir neçə nəfər fikirlərimi demək üçün imkan yaratmağı xahiş etdikdən sonra və Rassel Ayvazyanla danışdıqdan sonra kürsüyə yaxınlaşdı və «fikrinizi çox qısa formada deyin, istənilən anda mənim çıxışınızı kəsmək hüququm var» dedi. Mən çıxışa başlayaraq bu addımların gözlənilməz olmadığını, hələ bir neçə il əvvəl beynəlxalq tədbirləin birində erməni gəncinin artıq Qarabağ məsələsini unudub Naxçıvanın Ermənistana aid olması haqda yaxınlarda addım atacaqlarını bildirdiyini dedim. Eyni zamanda Ermənistanın onlara məxsus olmayan bir çox şeyi özlərininki kimi təqdim etdiklərini vurğuladım. Dedim ki, dolmanın, müxtəlif musiqi alətlərinin, mahnıların və s.-in ermənilərə məxsus olması haqda söhbətlər adi hal alıb.

Daha sonra bildirdim ki, son həftə baş verən bir özününkülərşdirmə faktını da təqdim etmək istərdim. Qeyd etdim ki, bu fakt sizdə az da olsa bu gün burada təqdim edilən fotoların, çıxışların nə dərəcədə etibarlı olduğu haqda düzgün fikir yarada bilər. Nyu-Yorkda çap olunan “V Novom Svete” qəzetinin son sayında çap olunan məqaləni və orada yerləşdirilmiş uşaq şəkillərini göstərdim auditoriyaya. Bu fotolardakı insanların Xocalıda erməni əsgərləri tərəfindən öldürülmüş qız uşaqları olduğunu, amma buna baxmayaraq qəzetin həmin fotoları Osmanlı İmperiyasının törətdiyi «erməni soyqırımı»na sübut kimi təqdim etdiyini vurğuladım. Bildirdim ki, Azərbaycan diasporu və səfirliyi səviyyəsində müraciətlər olsa da, qəzetin rəhbərliyi bu foto ilə bağlı təkzib verməyib. Bu zaman yenə salonda ermənilər müxtəlif fikirlərlə etiraz etməyə başladılar. Qadınlardan biri çox əsəbi halda və ucadan «Xocalıda soyqırım və kütləvi qırğın olmayıb, olubsa, siz erməniləri öldürmüsünüz» dedi və salonda yenidən sakitlik pozuldu.

Rassel məndən çıxışı bitirib yerimə qayıdaraq konkret sual verməyimi xahiş etdi. Soruşdum ki, siz - Harvard Universitetinin professoru nə üçün universitetin dünyadakı müsbət reputasiyasından, burada qərəzsiz, balanslaşdırılmış, obyektiv tədqiqat mühiti olmasından sui-istifadə edib yanlış məlumat yayırsınız və akademik mühitin insanlarını yanlış tərəfə istiqamətləndirirsiniz? Rassel çox güman ki, «yanlış məlumat» deyəndə tarixi faktlarla bağlı nəyisə nəzərdə tutduğumu fikirləşdi və çox əminliklə «Mən tarixçiyəm, siyasətçi deyiləm. Burada mənim bu gün təqdim etdiyim hər şey tarixdə var və tarixdə olmayan heç nə haqqında danışmamışam. Əgər hər hansı bir səhv məlumat vermişəmsə, buyurun sübut edin» dedi.

Mən də «Sizin istifadə etdiyiniz xəritədə «Dağlıq Qarabağ Respublikası» yazılmışdı. Eramızdan əvvəl hansı əsrdə belə bir respublika var idi? Bu da tarixi faktdır? Tarixdə Dağlıq Qarabağ adında ölkə olmayıb və olmayacaq» dedim».

Auditoriyada Azərbaycanın ABŞ-dakı səfirliyinin və ölkəmizin Xarici İşlər Nazirliyinin hazırladığı məlumat paketlərini payladığını deyən B.Hacıyev xatırladır ki, bu gün «Naxçıvan bölgəsindəki erməni abidələri» mövzusunda sərginin rəsmi açılışı olacaq.

Sərginin reklam materiallarında Naxçıvan ərazisinin 20-ci əsrə qədər erməni torpaqları olması haqda məlumat yerləşdirilib. Hətta sərgi ilə bağlı internetdə xüsusi ünvan - www.nakhichevanmonuments.org yaradılıb.

Professorlar saytda istifadəçilərin Naxçıvan regionunun tarixinə qısa nəzər yetirməsi üçün məlumat bazası da hazırlayıb və burada tarixi faktları tamamilə saxtalaşdıraraq yazıblar: «Hazırda Azərbaycanın bir hissəsi olan Naxçıvan Zəngəzur dağları ilə Araz çayı arasında yerləşir, Ermənistan və İranla həmsərhəddir. Qədim zamanlardan 20-ci əsrin əvvəlinədək Naxçıvan Ermənistanın bir hissəsi olub».

Saytın uydurma olaraq yazdığı məlumatda deyilir ki, 1828-ci ildə Rusiya ilə Persiya (İran) arasında bağlanan Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, Naxçıvan da daxil olmaqla Şərqi Ermənistan Rusiya imperiyasına birləşdirilib: «1918-20-ci illər arasında Naxçıvan Ermənistan Respublikasının bir hissəsi olub. 1921-ci ildə sovet hökumətinin qərarına əsasən Naxçıvan Azərbaycana birləşdirilib». 

«Media forum»

Mənbə: http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20071102010127127

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?