ABŞ-da ermənilərin “Naxçıvan ərazilərindəki abidələr” mövzusunda təşkil etdikləri tədbirdə iştirak edən azərbaycanlı tələbə separatçılara faktlarla cavab verib

[ 02 Noyabr 2007 13:36 ]

Dünən ABŞ-ın Harvard Universitetində erməni diasporunun təşkilatçılığı ilə “Naxçıvan ərazilərindəki abidələr” mövzusunda separatçı müzakirələr keçirilib.

Müzakirələrdə iştirak edən yeganə azərbaycanlı, Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, tədbir Amerikada fəaliyyət göstərən Erməni Araşdırmaları Mərkəzi və Kanadadakı bir erməni şirkəti tərəfindən maliyyələşib. Tədbiri Harvard Universitetinin erməni araşdırmaları üzrə professoru, erməni əsilli Dr. James R.Russel açıb. O, Naxçıvanın adının etimologiyası ilə bağlı öz “şərhlərini” verəndən sonra bu ərazidə “30 mindən çox erməni abidəsinin məhv edilməsi” ilə bağlı sərsəm iddialarını səsləndirib.

Ermənistandan gələn Aqram Ayvazyan və Şotlandiyadan olan Steven Sim də “Ermənistanın digər bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də mədəni abidələr çoxdur” kimi separatçı iddialar səsləndiriblər. A. Ayvaziyan hətta Naxçıvan tarixi ilə bağlı 6-7 cildlik kitab hazırladıqlarını və filmin çəkilişlərinə rəhbərlik etdiyini söyləyib. A. Ayvazyanın ekranda göstərdiyi xəritədə Dağlıq Qarabağ ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunub, xüsusi rəngdə işarələnib. Bundan başqa, həmin xəritədə Naxçıvan ərazisi də qırmızı rənglə işarələnib. Tədbirdə hətta dünyanın tarixi Azərbaycan abidələri kimi tanıdığı Möminə Xatun, Xudafərin körpüsü kimi abidələri də erməni abidəsi kimi təqdim ediblər: “Bundan sonra isə onlar Azərbaycanı bu abidələri mənimsədiyini, hətta YUNESCO-nun mədəni irsi siyahısına salmağa çalışdığını da qeyd etdilər.

Ermənilər danışa-danışa o qədər qəzəbləndilər ki, YUNESCO-nun baş katibinin də istefasını tələb etdilər və dünya ictimaiyyətinin onların hay-həşirinə reaksiya verməməsindən narazılıqlarını bildirdilər”.
Şotlandiyadan gəlmiş Steven Simi isə tədbirin aparıcısı “Naxçıvandakı abidələri sonuncu dəfə öz gözü ilə görüşmüş şəxs” adlandırıb. Çıxışını Türkiyə ilə Azərbaycanın qardaşlığından əsəbini gizlətməməsi üzərində quran erməni çəkilişi qadağan olunmuş dövlət binalarının fotosunu çəkdiyini söyləyib: “Daha sonra o, qoç fiqurundan ibarət abidələri “erməni abidələri” kimi təqdim etməyə başladı. Fiqurlardan birinin üzərində ərəb əlifbası ilə yazılar yazılmışdı. Mən ermənilərin hansı əsrlərdə ərəb əlifbasından istifadə etdiklərini soruşdum. Bu sualdan çaşan Sim Naxçıvanda olduğu müddətdə həm də Azərbaycan və səlcuq abidələrinin də fotolarını çəkdiyini, bu fotonun səhvən diskə yazıldığını dedi. O, bu fiqurların erməni abidəsi olmadığını etiraf etdi”.

Daha sonra cavab haqqı almaq istəyən həmyerlimizə ermənilər sərt reaksiya veriblər. B. Hacıyev ermənilərin iki saatlıq saxta çıxışlarına dözdüyünü, onların isə iki dəqiqəlik dinləmək qabiliyyətləri olmamasından təəssüfləndiyini bildirib: “Onlara dedim ki, əgər bunu edə bilmirsinizsə, hansı mədəniyyətdən danışırsınız? Bu tədbirin təşkilatçıları arasında Harvard Universitetinin Davis Mərkəzi də var, mənim ən azından universitetin tələbəsi kimi öz fikirlərimi səsləndirmək və sual vermək hüququm var. Yalnız bundan sonra tədbirin aparıcısı Ayvazyanla danışıb, “buyurun fikrinizi çox qısa formada deyin, qısa sualınızı verin. İstənilən anda mənim çıxışınızı kəsmək hüququm var” dedi.

Mən çıxışa başlayaraq, bu çıxışların gözlənilməz olmadığını, hələ bir neçə il əvvəl beynəlxalq tədbirlərdən birində erməni gəncinin artıq Dağlıq Qarabağ məsələsini unudub, Naxçıvanın Ermənistana bağlı olması ilə yaxınlarda aksiyaya başlayacağını söylədiyini xatırlatdım və bildirdim ki, bu tədbirlərin məqsədli keçirildiyini də bilirik. Eyni zamanda Ermənistanın onlara məxsus olmayan bir çox məsələləri və əraziləri özlərinə məxsus təqdim etmələrinin birinci dəfə qarşılaşmadığımızı da söylədim. Yeməklər, musiqi alətləri, mahnılar, hər şeyi adlarına çıxdıqlarını dedim. Sonra da erməni saxtakarlığının son nümunəsi olaraq, Nyu Yorkdakı “V Novom Svete” qəzetinin son sayında çap olunan məqaləni və orada yerləşdirilmiş uşaq şəkillərini göstərdim auditoriyaya. Bu fotoların Xocalıda erməni əsgərləri tərəfindən öldürülmüş azərbaycanlı körpələrin fotosu olmasına baxmayaraq, qəzetin qondarma “erməni soyqırımı” zamanı öldürülən uşaqlar olduğunu iddia etməsini, bizim diaspor və səfirliyimiz səviyyəsində müraciətlər olmasına baxmayaraq, qəzet rəhbərliyinin bu foto ilə bağlı təkzib vermədiyini qeyd etdim.

Mən Xocalıda törədilən vəhşiliklərdən danışmağa başlayanda salonda yenə etiraz etməyə başladılar, amma mən Russeldən soruşdum ki, o, Harvard Universitetinin professoru olaraq universitetin dünyadakı müsbət reputasiyasından, qərəzsiz, balanslaşdırılmış, obyektiv tədqiqat mühiti olması ilə bağlı imicindən istifadə edərək burada nəyə görə yanlış məlumat yayır, niyə akademik mühitin insanlarını yanlış tərəfə istiqamətləndirir? Russel çox güman ki, “yanlış məlumat” deyəndə tarixi faktlarla bağlı nəyisə nəzərdə tutduğumu fikirləşdi və çox əminliklə “mən tarixçiyəm, siyasətçi deyiləm. Burada bu gün təqdim etdiyim hər şey tarixdə var, bəlkə elə deyil” dedi. Mən “Sizin istifadə etdiyiniz xəritədə “Dağlıq Qarabağ Respublikası” yazılmışdı. Özünüz də bu xəritənin eramızdan əvvələ aid olduğunu iddia etdiniz. Eramızdan əvvəl hansı əsrdə Dağlıq Qarabağ Respublikası var idi? Bu da tarixi faktdır? Tarixdə Dağlıq Qarabağ adında ölkə olmayıb və olmayacaq” dedim. Yenə salonda səs-küy başladı. Steven Sim isə auditoriyanı sakitləşdirib “Siz bir tələbə olaraq və ağıllı insan olaraq öz ölkənizin rəhbərliyinin Naxçıvanda erməni abidələrini dağıtmasını qəbul edirsinizmi?” soruşdu. Mən isə “ağıllı bir insan olaraq mənim üçün məlumatın mənbəyi əhəmiyyətlidir. Əgər bunu fotoşəkilin çəkilməsi qadağan olunmuş binaların fotosunu çəkib, ziyarət etdiyi ölkənin qanunlarını pozan və bununla belə bir auditoriya qarşısında fəxr edən professor deyirsə, təbii ki, mən onun söylədiklərinə inana bilmərəm. Əgər bizim ölkəmizin də mövqeyini və tarixi faktlarını bilmək istəyirsinizsə, Azərbaycanın Amerikadakı səfirliyinin və Xarici İşlər Nazirliyinin hazırladığı məlumat paketlərini sizə verə bilərəm” dedim və həmin paketləri iştirakçılara dağıtdım.

Görüşün əvvəlində jurnalist olduğunu bildirən bir gənclə tanış olmuşdum. Ondan xahiş etmişdim ki, görüşdən çəkilən fotoları mənə göndərsin. Bayıra çıxanda həmin oğlana e-poçt ünvanımı vermək istəyirdim. Gördüm ki, oğlanın gözləri dolub və dişlərini qıcayaraq “sən bilmirdin ki, mən erməni qəzeti üçün çalışıram? Bunu necə edə bilərdin? Hər şeyi korlamaq üçün gəlmişdin bura?” deyib kövrəldi. Mən fotoları göndərib-göndərməyəcəyini soruşdum və ağlamağa başladı”.
B. Hacıyev bildirib ki, bu gün sərginin rəsmi açılışı olacaq. Bostonda oxuyan azərbaycanlı tələbələr sərginin keçiriləcəyi Davis Centerlə danışdıqdan sonra orada da hər hansı formada reaksiya verəcəyik.

B. Hacıyev onu da xatırladıb ki, ermənilər qondarma “erməni soyqırımı” iddiası ilə bağlı təbliğatlarını da məhz akademik çevrələrdən, universitetlərdən başlayaraq qəbul etdirməyə başlayıblar: “Sonra isə bu məsələ Konqresin Xarici İşlər Komitəsi səviyyəsinə çıxarıldı. Harvard Universitetinin müəllimlərinin çoxu istər Konqresdəki şəxslərə, istər Ağ Ev nümayəndələrinə, istərsə də digər dövlət nümayəndələrinə müxtəlif mövzularda istiqamət verirlər. Ermənilər isə qərarverici insanlara təsir və təmas imkanı olan professorlara əlaqə qurmağa çalışırlar. Buna görə də məncə, biz belə universitetlərdə Azərbaycanla bağlı tədqiqat proqramlarının başlanmasına, professorlarımızın bu universitetlərlə ünsiyyətinin qurulmasına, tələbələrimizin daha çox belə universitetlərdə oxumasına nail olmalıyıq”. /APA/

Mənbə: http://az.apa.az/news.php?id=76665

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?