VARŞAVADAKI BEYNƏLXALQ KONQRESDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ və İNCƏSƏNƏTİ NÜMAYİŞ OLUNUB

2006-08-28 - 14:30:00

Avqustun 25-də dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-in 58-ci Beynəlxalq Konqresi çərçivəsində «Qlobal kənd» adlı tədbir keçirilib.

AIESEC-in Azərbaycan üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin «Media forum»a verdiyi məlumata görə, tədbir zamanı hər ölkənin tarixi, mədəniyyəti, iqtisadiyyatı, musiqisi, milli mətbəxi haqqında iştirakçılara məlumat verilib, ölkə üzrə təqdimatlar keçirilib.

Varşava Elm və Mədəniyyət Mərkəzində, açıq havada keçirilən tədbirdə bir çox ölkənin nüfuzlu şəxsləri, dövlət adamları, mətbuat nümayəndələri də daxil olmaqla 5000-dən artıq insan iştirak edib.

B.Hacıyevin məlumatına görə, Azərbaycan AIESEC təşkilatında ən gənc ölkələrdən biri olduğuna görə ölkəmizin mədəniyyəti iştirakçıların diqqətini cəlb edib. «Qlobal kənd» tədbirində «Lider» telekanalının Azərbaycan haqqında çəkdiyi film nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyinin çap materialları paylanıb, milli musiqimizi səsləndirilib.

AIESEC-in 58-ci Beynəlxalq Konqresi avqustun 23-də Polşanın Varşava şəhərində öz işinə başlayıb. Dünyanın 95 ölkəsindən 1000-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə təşkilatın illik fəaliyyəti, gələcək planları və digər məsələlər müzakirə olunur. Konqres sentyabrın 5-dək davam edəcək.

 
 
 
 

 

Mənbə: http://www.mediaforum.az/articles.php?article_id=20060828030246532&lang=az&page=00

 

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?