AIESEC AZƏRBAYCANDA İLK DƏFƏ TƏLƏBƏLƏR ÜÇÜN "KARYERA GÜNLƏRİ" KEÇİRMƏYİ PLANLAŞDIRIR


Dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in Azərbaycan nümayəndəliyi 2006-cı ilin may ayının sonunda Bakı şəhərində Azərbaycan tələbələri üçün "Karyera Günləri" adlı tədbir keçirməyi planlaşdırır. 

Tələbələrin təhsil aldıqları müddətdə korporativ qurumlarla görüşdürülməsi və onların öz karyera planlaşdırmasına nail olmaq tədbirin əsas məqsədlərindən biridir. Bu tədbir vasitəsi ilə korporativ qurumlarla akademik dünyanın gənc tələbələrinin birbaşa təması reallaşdırılır. 2006-cı ildə Azərbaycanda ilk dəfə bu səviyyədə təşkil olunacaq tədbirdə 30-dan çox şirkətin və 10000-dən çox tələbənin iştirak edəcəyi planlaşdırılır.

AIESEC hər il birçox ölkədə, yüzlərlə universitetin tələbələri üçün eyniadlı tədbir təşkil edir. İki gün davam edəcək tədbirdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan ən nüfuzlu yerli və beynəlxalq şirkətlərin, təşkilatların nümayəndələri iştirak edərək tələbələrə öz qurumlarında olan karyera imkanları, işəgötürmə prosesi, yay təcrübələri, qısamüddətli işlər haqqında məlumat verəcəklər. Artıq Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş bir neçə nüfuzlu şirkət bu təşəbbüsə qoşulmuşdur. 

AIESEC Azərbaycan qrupu digər ölkələrdən fərqli olaraq "Karyera Günləri" tədbirində korporativ qurumların və beynəlxalq təşkilatların iştirakından əlavə dövlət qurumlarının da cəlb olunmasına çalışır. Belə ki, Azərbaycan tələbələrinin az olmayan hissəsi müxtəlif dövlət qurumlarında çalışmağı planlaşdırırlar, lakin bir çox tələbə həmin qurumlarda işəgötürmə prosesindən, onların təqdim etdiyi imkanlardan xəbərsizdir. 

"Karyera Günləri" layihəsinin "Bacarıqlar Akademiyası" adlı hissəsində müxtəlif şirkətlərin nümayəndələri tələbələrə idarəetmə, karyera planlaşdırma, komanda işi, ünsiyyət, strateji planlaşdırma, analiz və digər mövzularda seminarlar və təqdimatlar keçirəcəklər.

Qeyd edək ki, Azərbaycanda "Karyera Günləri" tədbirinin ilk dəfə keçirilməsini nəzərə alaraq, bu sahədə kifayət qədər təcrübəsi olan AIESEC Polşa, İsveçrə, Ukrayna, Kanada və Çexiya nümayəndəliklərinin məsul şəxsləri layihənin planlaşdırılması və idarə edilməsində AIESEC Azərbaycan nümayəndəliyinə kömək edirlər.

Xatırladaq ki, AIESEC dünyanın 95 ölkəsində, 850-dən çox universitetində fəaliyyət göstərən, BMT-də məsləhətçi statusu olan dünyanın ən böyük tələbə təşkilatıdır. Azərbaycan bu quruma fevral ayında Hollandiyada keçirilən ölkə üzrə nümayəndələrinin iclası zamanı üzv qəbul edilmişdir.

Mənbə: http://azerphoto.com/print.php?Cid=&Pid=793

 

 

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?