Facebook-da bizi izlə

Nəyə görə müsbət dəyişiklik?

Təxminən 3 ay sonra Azərbaycan seçiciləri növbəti dəfə seçki məntəqələrinə gedərək qarşıdakı 5 il ərzində ölkəmizin Milli Məclisində təmsil olunacaq 125 nəfəri seçəcəklər. Bu ilin əvvəlində seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəndə bu yaşda, bu mühitdə, bu çətinliklərlə üzləşərək seçkilərdə iştirak etməyin nə qədər ağır olacağını hiss etmişdim.

Bu qərar kifayət qədər ağır qərar idi, çünki qərar şəxsi siyasi ambissiyalar, maddi təminat, şan-şöhrət üzərində yox, ölkəmizi və vətəndaşlarımızı sevən gənclərimizin vaxtında və inanaraq addım atmağının, köhnə problemlərə yeni həll yollarının tapılmasının vacibliyinin, problemlərimizin üzərindən göz yumaraq, biganə şəkildə keçmək əvəzinə bunlar barədə danışmaq və həlli üçün addım atmağın zəruriliyi üzərində verilməli idi.

Bu qərarı verdiyim müddətdə sizlərin bir çoxu ilə şəxsi yazışmalar, üz-üzə görüşlər və telefon danışıqlarımız zamanı Azərbaycan siyasətində dəyişikliklərin, həm də müsbət dəyişikliklərin nə qədər vacib olduğunu, şəxsi, qrup maraqları üçün yox, vətəndaşların, sadə vətəndaşlarımızın maraqları üçün çalışan, özünü oliqarxlara, məmurlara yox, seçicilərə, Azərbaycan vətəndaşlarına və Azərbaycan dövlətinə borclu, bağlı bilən siyasətin zamanının olduğunu dediniz.

Son 15 ildə, hər dəfə verilən vədlər yoxa çıxdı. Hər sahədə monopoliyalar daha da artaraq eyni məhsula və xidmətə görə vətəndaşlarımızın daha çox pul ödəyib, daha az xidmət və məhsuldan istifadəsinə səbəb oldu. Şəffaflıq get-gedə qaranlığa çevrilməyə başladı və dövlət büdcəsindən maliyyələşən layihələr hesabına kiçik bir təbəqə həddindən artıq varlanmağa, regionlarımızdakı insanların kasıblığı ilə daha da artmağa başladı. Bu iki təbəqə arasında uçurum yarandı. Hər 5 ildə sizin vəya valideynlərinizin, yaxınlarınızın qurduqları bizneslərə kimlərinsə əlləri uzandı, məcbur olub qazancımızı paylaşmalı olmadığınız insanlarla paylaşmağa başladıq. Övladlarımızı orta məktəblərə göndərəndə, hər il daha az bilik və tərbiyə aldıqlarını gördük, daha tez-tez evə qayıdıb müxtəlif bəhanələrlə pul yığılmasının şahidi olduq. Sadə bir sənədi almaq üçün həyatımızın günlərini məmur qapılarında gözləyərək keçirdik. Bir çoxlarımız üçün mənəvi bağları olan evlərimiz bir göstərişlə söküldü. Bütün bunlardan sonra bəzilərimiz hələ də seçkilərdə iştiraka, səs verməyə "mən siyasətə qarışmıram, məni siyasət maraqlandırmır" kimi ifadələrlə biganəliklə yanaşırıq.

İndi, qarşımızda 3 aylıq tarixi bir fürsət müddəti var və bu müddət ərzində önümüzdə iki yol var:

1) "Onsuz da heç nə dəyişməyəcək, mən heç nə edə bilmərəm" deyib kənara çəkilmək, ümidsizliyə qapılmaq. Bu halda, təxmin etdiyiniz kimi, heç nə dəyişməyəcək. Dəyişsə də, mənfi istiqamətdə, yəni hər 5 ildə olduğu kimi, monopoliyalar, dövlət büdcəsindən mənimsəmələr artacaq, azadlığınız azalacaq, övladlarınız, yaxınlarınız daha az təhsilli, mənəvi cəhətdən aşınmış cəmiyyətdə böyüməli olacaq.

2) "Mən müsbət dəyişikliklərə susadığımıza inanıram. İnanıb addım atacağım təqdirdə hər sahədə olmasa da, çox sahədə müsbət dəyişikliklər edə biləcəyimizə inanıram" deyib addım atmaq. Bu yolda, əgər 5% də ehtimal olsa ki, müsbət dəyişikliklər edə bilərik, o zaman birlikdə addım atmağımızın nəticəsi, birlikdə addım atmamağımızın nəticəsindən daha böyük olacaq.

Bunu mən həyatımın müxtəlif mərhələlərində sınaqdan keçirmişəm. İstər dünya fizika olimpiadalarına hazırlaşıb Azərbaycanı təmsil edəndə, istər BMT Baş Assambleyasında çıxış edəndə, istərsə də dünyanın ən nüfuzlu ali məktəbi Harvard Universitetinə müraciət edib, qəbul olub, bütün maddi və mənəvi çətinliklərə baxmayaraq məzun olduğumda anladım. Anladım ki, sadə insanlar öz bacarıqlarına inananda və bir yerdə addımlayanda az əziyyətlə, inandıqları nəticələri, uğurları əldə edə bilirlər. Bəlkə də, uğurlu qazananlarla qazanmayanlar arasında başlıca fərq onların uğura inanıb-inanmamasındadır.

Təbii ki, bu yol bizim üçün bir az çətin olacaq. Amma həyatda heç bir əhəmiyyətli hadisə asanlıqla baş vermir. Bu yol da çətindir, risklidir. Mən bu gün bu yolda addımlayıram, çünki tariximizdə nə vaxtsa, kimlərsə riskləri öz üzərlərinə götürüblər, cazibədar, populyar olmayan yollarda, ölkəmiz və xalqımız üçün addımlayıblar və məhz həmin insanların, 1 nəfərdən 10 nəfərə, 10 nəfərdən 100 nəfərə, yüzdən minə, mindən milyona artması nəticəsində tanklar, güllələr qarşısında dayanmaq, canlarını qurban vermək bahasına da olsa, biz bu gün dünya dövlətləri arasında müstəqil dövlətlər siyahısındayıq. Başımızın üzərində üç rəngli bayrağımız dalğalanır, üzərimizdə müstəqil Azərbaycanın pasportunu daşıyırıq. Bütün bunlara görə biz həmin işini itirməkdən, təzyiqlərdən, danlanmaqdan qorxmayan cəsarətli insanlara borcluyuq. Onlar cəsarətlə addımladılar, bir tarix yazdılar.

İndi qarşımızda ikinci bir tarixi missiya dayanır. Azərbaycanda ədalətli məhkəmə, keyfiyyətli təhsil, müasir səhiyyə, dayanıqlı və güclü iqtisadi sistemlər quraraq Azərbaycanı müstəqil dövlətlər siyahısında ən güclü, ən inkişaf etmiş dövlətlər siyahısında, Azərbaycan xalqını da dünya xalqları arasında ən xoşbəxt, ən firavan yaşayan xalqlar siyahısına salmaq kimi bir missiya.

Qarşımızda 3 aylıq tarixi bir fürsət müddəti var. Biz istəsək, inansaq və addım atsaq, bu tarixi missiyanı reallaşdıra bilərik. Mən hər birinizi müsbət dəyişikliklərə inanmağa və ətrafımızdakı insanları inandırmağa çağırıram.

Hörmətlə,
Bəxtiyar Hacıyev

 

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?